Xaçmaz ölkənin aqrar sahə üzrə ixtisaslaşmış rayonudur. Bölgənin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və turizm təşkil edir. Xaçmaz respublikamızın şimal regionunun ən böyük kənd təsərrüfatı rayonudur.
Dövlət Başçısı İlham Əliyevin diqqətinin nəticəsidir ki, rayon nəinki bölgədə, hətta respublikanın aqrar sahədə seçilən rayonlarından birinə çevrilməkdədir. Xaçmaz rayonunun kənd təsərrüfatının əsasını tərəvəzçilik, meyvəçilik, taxılçılıq, heyvandarlıq, balıqçılıq və bağçılıq təşkil edir. Sənaye sahələri üzrə yeyinti sənayesinin meyvə-tərəvəz emalı, ət və süd emalı, spirtli içkilər(pivə istehsalı), çörək və un məmulatları istehsalı, qənnadı məmulatları istehsalı və sərinləşdirici içkilərin istehsalı iqtisadi inkişafın əsasını təşkil edən yerli və orta sahibkarlığın rayonda inkişafına təsir edir. Bundan əlavə Xəzər dənizi sahili boyu 35-40 km məsafədə uzanan Nabran-Yalama kurort zonası Xaçmazın sosial-iqtisadi inkişafına müsbət təkan verir. Artıq qarşıya yüngül sənayenin inkişafı da məqsəd olaraq qoyulmuşdur. Bu sahədə xalçaçılığın inkişafı məşğulluğun artırılması ilə yanaşı tarixi milli ənənələrin bərpasına da xidmət edəcəkdir. Digər iqtisadi sahələr üzrə yerli xammala əsaslanan tikinti materialları istehsalı ( çınqıl, müxtəlif daşlar , kərpic istehsalı və s.) , mebel istehsalı , logistik mərkəz və taxıl anbarlarının mövcudluğu rayonda dəyər zəncirinin formalaşmasına əminlik yaradır.
Rayonun makroiqtisadi göstəriciləri : ümumdaxili məhsul 145.9 milyon manat, sənaye məhsulunun həcmi-21.3 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 61.7 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi-39.1 milyon manat , pərakəndə əmtəə dövriyyəsi 179.3 milyon manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 24.3 milyon manat, adambaşına düşən pul gəlirləri 831.7 milyon manat, orta aylıq əmək haqqı 322.1 manat təşkil edir. Nəqliyyat sahəsində məhsul buraxılışı 1.6 milyon manat, rabitə xidmətlərinin həcmi 535.4 min manat olmuşdur. Son 14 il ərzində rayon üzrə 27132 yeni iş yeri açılmışdır. Kənd təsərrüfatı üzrə göstəricilər 23.122 ha sahədə taxıl əkilmişdir ki, bunun da 17051 hektarı buğda və 6071 hektarı arpa məhsuludur. Taxıl sahələrindən orta məhsuldarlıq 32.6 sentner olmaqla cəmi 75356 ton taxıl istehsal olunmuşdur ki, onun da 59651 tonu buğda, 15705 tonu arpa məhsuludur. Buğdanın məhsuldarlığı hər hektardan 35, arpanın 25.9 sentner olmuşdur. Rayonda 19328.6 ha meyvə bağları salınmışdır. Fındıq bağlarının ümumi sahəsi 6688 ha təşkil edir. Yaxın illərdə bu rəqəmin 10000 ha çatdırılması nəzərdə tutulur.