Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır

16 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.

Dövlətimizin başçısı müsahibəsində deyib: ”Ermənistanın bu çirkin siyyasəti anlaşılandır. Onlar hər zaman  döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Ermənistanın bu xain hücumunun səbəbi münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər.

Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq.”

Beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin bu məsələyə dəstəyinə toxunan dövlətimizin  başçısı demişdir ki, Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermişdir.  

Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın.

Prezident İlham Əliyev müsahibəsində işğal edilmiş rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasından danışarkən qeyd etmişdir ki,  bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq sülhə daha da yaxınlaşırıq. Xain hücumlar zərrə qədər də yolumuzdan döndərə bilməz! Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!

Keçidlər