Şriftin ölçüsü :

Saytın rəngi :

“Azadlıq carçıları” niyə susur ?

19 iyun 2020 | 16:00

Ermənistanda  baş verən son hadisələrdən sonra N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. Bu adamın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi  və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır.       

Iyunun 16-da Çiçəklənən Ermənistan partiyasının sədri, Ermənistan parlamentindəki “Çarukyan” fraksiyasının lideri  Qaqik Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilmiş və o, ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Hüquq mütəxəssislərinin fikrincə Q.Çarukyanın, məhz, Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.

Nikol Paşinyanın öz siyasi rəqibinə qarşı belə açıq və məkrli addımlarını hamı görsə də, Ermənistan müxalifətindən başqa buna heç kəs münasibət bildirmir. Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.

Çarukyanın tərəfdarları iyunun 17-də  Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.

Avropa ölkələrindəki bəzi qərəzli hüquq müdafiəçiləri özlərinə sərf edən məqamda insan hüququ, söz azadlığı və azad toplaşma kimi ifadələrdən kifayət qədər bəhrələnirlər. Söhbət Nikol Paşinyana gəldikdə isə... hamı susur.

Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığdan sonra vəfat etsədə buna  reaksiya verilmədi.  Azərbaycanda hansısa bir cinayətkara   üç aylıq cəza veriləndə isə Avropada yaş axıtmayan göz qalmır.

Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir.

Qərbin ikili standartlarının ən bariz nümunəsi 2017-ci ildə  Ermənistanda keçirilmiş parlament seçkilərinə reaksiyalarıdır. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilsədə, az sonra Ermənistanda inqilab baş vermiş  və seçkiləri uduzmuş indiki baş nazir N.Paşinyan hakim partiyanı devirmişdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.

Keçidlər