Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikanın turizm zonasında yerləşən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

12 mart 2018 | 16:00

   Martın 12-də yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Aşağıoba kəndində keçirilən tədbirdə “Azəriqaz” İB-nin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

   Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsədddin Xanbabayeb bildirib  ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib. Qaz təchizatı infrastrukturunun yenidən qurulması, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərlərinin çəkilməsi  işləri davam etdirilməkdədir. Həyata keçirilən işlər nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılıb.

   “Azəriqaz” İB-nin baş direktorunun müavini Ramil İsgəndərov bildirib ki,  martın 5-də Prezident İlham Əliyev "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu Sərəncama əsasən 2018-ci ildə ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması üçün Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb.

   Tədbirdə vurğulanıb ki, Xaçmaz rayonun Nabran-Yalama turizm zonasında yerləşən kəndlərin qazlaşdırılması layihəsi də uğurla həyata keçirilir. Ümumilikdə, 335 abonenti olan Aşağıoba və Xuray kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 51 min 906 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

   Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Xaçmazda turizmin inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə bir sıra infrastruktur layihələrinin icra olunduğunu diqqətə çatdırıb.

   Bildirilib ki, hazırda rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay, Qaracik Zeyid, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq. Bu 11 kənddə, ümumilikdə, 814 abonent ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanacaq.

   Tədbirdə istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılmasının ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacağı qeyd olunub.

   Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin Başçısına minnətdarlıqlarını bildiriblər.

   Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib. Bununla da Xaçmaz rayonunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 99-a çatıb.

Keçidlər