Şriftin ölçüsü :

Saytın rəngi :

3 Mart tarixində Nabranda ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.

03 mart 2018 | 16:00

   Mərasimdə  Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev,  ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
     Xaçmaz rayonunun turizm zonasında yerləşən Nabran, Şimali və Günəşli kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
    Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin fəaliyyətlərinin bərpasını da gücləndirəcəkdir. 

   Şəmsəddin Xanbabayev qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində  respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Prezident İlham Əliyevin tapşırığına  uyğun olaraq Nabranda turizmın inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə bir sıra infrastruktur layihələri icra olunur.
  Ümumilikdə, 593 abonenti olan Nabran, Şimal və Günəşli kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 57 min 275 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Xaçmaz rayonun Nabran-Yalama turizm zonasında yerləşən digər kəndlərin qazlaşdırılması layihəsi də uğurla həyata keçirilir.

   Hazırda rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay, Qaracik Zeyid, Aşağıoba, Xuray, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

   Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

   Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.

   Şəmsəddin Xanbabayev   kənddəki evlərdən birində olub, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb. 

Keçidlər